2019-11-20

Noyabrın 13-də Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın Zaltsburq, Tirol və Forarlberq federal əyalətləri üzrə fəxri konsulluğunun açılışı olub.

Fəxri konsulluğun açılışında diplomatik korpusun, Zaltsburq Federal Əyalət Administrasiyasının, Zaltsburq şəhər meriyasının, müxtəlif şirkət və müəssisələrin təmsilçiləri iştirak ediblər.

Fəxri konsul Mixael Haynritsi tədbiri giriş sözü ilə açaraq Azərbaycan və Avstriya arasında oxşar cəhətlərdən bəhs edib. O, bir müddət öncə Azərbaycanın Avstriyanın üç federal əyalətində fəxri konsul təyin edilməsindən məmnun olduğunu bildirərək, konsulluğun Azərbaycan və Avstriya arasında mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsi, iki ölkə arasında müxtəlif sahələrdə körpülərin qurulmasında var gücünü sərf edəcəyini vurğulayıb. Fəxri konsul Çinlə Avropa arasında strateji mövqedə yerləşən Azərbaycanın Avstriya üçün əhəmiyyətini diqqətə çatdıraraq, işgüzar dairələrin təmsilçilərini böyük iqtisadi potensiala malik olan Azərbaycana səfər etməyə və işgüzar əlaqələr qurmağa dəvət edib. Bildirilib ki, fəxri konsulluq mütəmadi olaraq Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələrin güclənməsinə çalışacaq, iqtisadi missiyaların mübadiləsini həyata keçirəcək.

Azərbaycanın bu ölkədəki səfiri Qalib İsrafilov Avstriyada ölkəmizin artıq iki fəxri konsulluğunun rəsmi şəkildə fəaliyyət göstərdiyini, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Almaniya və Avstriyada geniş iqtisadi fəaliyyəti ilə tanınan Mixael Hanritsinin Azərbaycanın Zaltsburq, Tirol və Forarlberq federal əyalətləri üzrə fəxri konsulu təyin olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Avstriyanın mühüm iqtisadiyyat və turizm regionları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin güclənməsində fəxri konsulluq mühüm töhfələr verəcək.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov fəxri konsulluğun məsul olduğu federal əyalətlərdə yaşayan soydaşlarımızın məsələləri ilə yaxından məşğul olacağına ümidvar olduğunu ifadə edib. F.Muradov “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalını fəxri konsul Mixael Haynritsiyə təqdim edib.

Zaltsburq şəhər meriyasının təmsilçisi Barbara Unterkofler Zaltsburq əyalətinin gəlirlərinin təxminən 60 faizinin ixracatdan formalaşdığını qeyd edərək, xarici iqtisadi əlaqələrin Zaltsburq üçün nə dərəcədə əhəmiyyətli olduğunu diqqətə çatdırıb və yeni fəxri konsulluğun açılmasının iqtisadi əlaqələrə müsbət təsir göstərəcəyini bildirib. Qeyd edilib ki, 57 fəxri konsulluğun fəaliyyət göstərdiyi Zaltsburq şəhərində yeni fəxri konsulluğun açılması sevindirici haldır və konsulluq iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına təkan verəcək.

Zaltsburq Əyalət Parlamentinin Prezidenti Briqitta Pallauf öz çıxışında həm siyasi, həm diplomatik, həm də iqtisadi əlaqələrin güclənməsində fəxri konsulluğun oynayacağı roldan bəhs edib. O, konsulluğun iki ölkə arasında yeni bir körpü olacağına, onun fəaliyyəti sayəsində iki ölkənin və əsasən də insanların yaxınlaşacağına ümidvar olduğunu bildirib.

Tədbirin bədii hissəsində pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə (fortepiano) və Karen Danqer-Manafzadə (vokal) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Arxiv üzrə axtarış