2018-12-14

Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibətilə tədbirlər keçirilir

Azərbaycanın igid oğlu, Sovet İttifaqı və Sloveniya qəhrəmanı Mehdi (Mixaylo) Hüseynzadənin (1918-1944) anadan olmasının 100 illik yubileyi münasibətilə onun azadlığı uğrunda vuruşduğu Sloveniyada silsilə tədbirlər keçirilir. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, ölkəmizin Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Milli Məclisin deputatı Rauf Əliyev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti yubiley tədbirlərində iştirak etmək üçün bu ölkədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfərin birinci günü Azərbaycan nümayəndə heyətinin üzvləri Sloveniyanın Maribor şəhərində müharibə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün salınan Dobrava memorial park kompleksində Xocalı şəhidləri ilə bağlı xatirə lövhəsini ziyarət ediblər.

Azərbaycan-Sloveniya Dostluq Assosiasiyasının üzvlərinin də iştirak etdikləri mərasimdə nümayəndə heyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş abidənin önünə əklil qoyub.

Dobrava memorial parkının direktoru, Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti Lidiya Pliberşek park və buradakı abidələr haqqında məlumat verib. Bildirilib ki, Xocalıda qəddarlıqla qətlə yetirilən günahsız insanların xatirəsinə həsr olunmuş bu lövhə dinc əhaliyə qarşı bəşəri cinayətlərin və müharibələrin pislənməsinə, humanizm və sülh dəyərlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Sonra nümayəndə heyəti Mehdi Hüseynzadənin Maribor şəhərindəki general Rudolf Mayster adına xatirə parkında ucaldılmış abidəsini ziyarət edib. Hərbi kvartetin ifasında hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nümayəndə heyətinin üzvləri abidə önünə əklil qoyub, qəhrəmanın xatirəsinə ehtiramlarını bildiriblər.

Səfir Qalib İsrafilov mərasimdə çıxış edərək deyib ki, Azərbaycan və sloven xalqlarının qəhrəman oğlu Mehdi Hüseynzadə fenomeni iki ölkə arasında dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyət daşıyır. Cəmi 26 il yaşamasına baxmayaraq, Mixaylonun misilsiz şücaətləri onu indiki və gələcək nəsillər üçün örnəyə çevirib.

Maribor şəhərinin vitse-meri Saşa Pelko vurğulayıb ki, Birinci Dünya müharibəsinin başa çatdığı 1918-ci ildə dünyaya göz açan Mehdi Hüseynzadə sülhün və əmin-amanlığın dünyada yenidən bərqərar olması uğrunda vuruşub. O, bu abidənin ucaldılmasında göstərdiyi dəstəyə görə ölkəmizin səfirliyinə və Azərbaycan-Sloveniya Dostluq Assosiasiyasına təşəkkürünü bildirib.

Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibətilə tədbirlər dekabrın 14-də onun partizan fəaliyyətinin mərkəzi olan Nova Qoritsa regionunda davam edəcək.

 

 

Arxiv üzrə axtarış