2017-01-20

20 Yanvar şəhidlərinin xatirəsi Vyanada ehtiramla anılıb

Yanvarın 20-də Vyanada Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycanın Avstriyadakı səfirliyi və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

AZER-DER-in rəhbəri Yardım Günəş 20-ci əsrin son qətliamlarından biri olan 20 Yanvar hadisələri barədə danışıb. O, Sovet İttifaqının süqutu ərəfəsində müttəfiq respublikalarda baş qaldıran müstəqillik meyillərinə qarşı sovet rəhbərliyinin əl atdığı amansız tədbirlərə toxunub. Qeyd edilib ki, Moskvanın Azərbaycanda dinc və silahsız əhaliyə qarşı tətbiq etdiyi hərbi güc xüsusi amansızlığı ilə tarixin yaddaşına düşüb. Sovet ordusu tərəfindən dinc sakinlərin qətlə yetirilməsi nəinki insanları qorxuda bildi, əksinə, geridönülməz bir prosesə rəvac verdi. Vətənlərinin müstəqilliyi naminə qurban gedən şəhidlər insanların qəlbində azadlıq qığılcımlarını daha da alovlandırdılar və Azərbaycanın milli müstəqilliyin bərpasına aparan yolunu işıqlandırdılar. Qanlı Yanvar hadisələri nə qədər ağrılı və dəhşətli faciə olsa da, milli azadlıq tariximizdə şərəf və qürur günü, qəhrəmanlıq salnaməsidir.

Mərasimdə çıxış edənlər öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan insanların göstərdiyi fədakarlıqdan bəhs edib, bu qəhrəmanlığın gələcək nəsillər üçün bir örnək olduğunu qeyd ediblər.

Sonra Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş olunub.

Mərasimdə 20 Yanvar şəhidlərinin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhuna Quran oxunub, ehsan süfrəsi açılıb.

Arxiv üzrə axtarış