“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 yanvar 2026

Vyana Universitetində “20 Yanvar”a hüquqi baxışlar” mövzusunda elmi konfrans keçirilmişdir

Cari ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Vyana Universitetinin Hüquq fakültəsində “beynəlxalq hüquqda kollektiv cəzalandırmanın qadağan edilməsi kontekstində “20 Yanvar”a hüquqi baxışlar” mövzusunda elmi konfrans keçirilmişdir.

Prof. Auqust Raynişin moderatorluğu ilə baş tutmuş konfransı giriş sözü ilə açan səfir Rövşən Sadıqbəyli 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş sovet ordusu tərəfindən müstəqillik, suverenlik, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqına qarşı misli görünməmiş qətliam törədildiyini bildrmiş, bu qanlı cinayətin Azərbaycan xalqının azadlıq istəyini söndürə bilmədiyini və xalqımızın qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşduğunu qeyd etmişdir. Həmin qanlı gecədə 147 nəfər şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, nəticədə beynəlxalq humanitar hüquqda kollektiv cəzalandırılmanın qadağan edilməsi prinsipi pozulmuşdur. R.Sadıqbəyli 20 yanvar hadisələrinin beynəlxalq müstəvidə hələ də hüquqi və siyasi qiymət almadığını, bu səbəbdən də “20 Yanvar” hadisələrinin hüquqi təhlili üçün məsələyə həm də beynəlxalq humanitar hüquq prizmasından baxılmasının vacibliyini vurğulamışdır.

Sonra prof. Hans-Yoaxim Hayntse məruzə ilə çıxış edərək, “20 Yanvar” hadisələrini Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizə aparması və sovet hökuməti tərəfindən bu mübarizənin qarşısının alınması üçün mülki əhaliyə qarşı misli görünməyən silahlı zor tətbiq etməsi kontekstində təhlil edilməli olduğunu bildirmişdir. Onun nəzərincə, sovet hökuməti öz vətəndaşlarına qarşı silahlı zor tətbiqetmə nəticəsində bir tərəfdən 1977-ci ildə qəbul edilmiş konstitusiyanı (müttəfiq respublikaların öz müqəddəratını təyin etməsi), digər tərəfdən isə zor tətbiq edilməsinə və kollektiv cəzalandırmanın qadağan edilməsinə dair özünün də qoşulmuş olduğu bir sıra beynəlxalq hüquq konvensiyalarını, xüsusilə 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktının bir sıra müddəalarını  kobud şəkildə pozmuşdur.

Daha sonra avstriyalı hüquqşünas Qabriel Lanski  çıxış etmişdir. O, prof. Hayntsenin yuxarıda qeyd edilən tezislərini təsdiq etmişdir. Onun nəzərincə, sovet dövləti öz vətəndaşlarına qarşı silahlı zor tətbiqetmə ilə həm də onların fərd olaraq hüquqlarını pozmuşdur. Sovet hökuməti bu əməlini milli qanunvericilikdə nəzərdə tutulmuş fövqəladə vəziyyətlərdə dövlətin zortətbiq etmə hüququ ilə əlaqələndirməyə çalışsa da, elə onun qoşulduğu beynəlxalq konvensiyalarda dövlətlərin fövqəladə hallar zamanı öz vətəndaşlarına qarşı zor tətbiq etmə qadağan edilirdi. Lanski məruzəsinin sonunda ayrı-ayrı fərdlərin beynəlxalq müstəvidə hüquqlarının daha effektiv təmin edilməsi üçün hələ çox iş görülməli olduğunu, bunun üçün işlək hüquq mexanizmlərinin yaradılmalı olduğunu vurğulamışdır.

Konfrans məruzəçilərlə iştirakçılar arasında interaktiv dialoq şəklində sona çatmışdır.

Konfransda Vyana Universitetinin tələbə-müəllim heyəti, müstəqil ekspertlər, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti