Sloveniyanın Maribor şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılmışdır
Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarının xatirəsinə ucaldılmış Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.
Anım tədbiri Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı qurbanlarına həsr olunmuş xatirə lövhəsi önündə keçirilmişdir.
Tədbirdə Sloveniya Respublikasının Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü Martin Premk, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Kompara və Dostluq Cəmiyyətinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Anım tədbirində Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən qanlı səhifəsi olan 1992-ci ildə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımı barədə ətraflı məlumat təqdim edərək, bu faciənin Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş yeganə cinayət hadisəsi olmadığını bildirmiş, münaqişə dövründə Azərbaycanın bir çox başqa şəhər, qəsəbə və kəndlərində dinc sakinlərin oxşar vəhşiliklərə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
2016-cı ildə Sloveniya Respublikasının Milli Şurası tərəfindən qəbul edilmiş qərarda Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunun vurğulandığına toxunularaq, Xocalı qurbanlarının xatirəsinə hörmətə görə Maribor şəhərinin meriyası və Sloveniya hökumətinə təşəkkür ifadə edilmişdir.
Daha sonra tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımı qurbanlarına həsr olunmuş xatirə lövhəsi önünə əklillər qoyulmuşdur.