Sloveniyada Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Sloveniyanın Nova Qoritsa şəhərində Azərbaycan və Sloveniya xalqının igid oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin – Mixaylonun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar, anım tədbiri çərçivəsində İkinci Dünya müharibəsində vuruşmuş azərbaycanlılara və sloveniyalılara həsr olunmuş sərgi təşkil edilmişdir. Tədbir zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan və Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edən “Hədəf Bakıdır” filmi nümayiş etdirilmişdir.
Tədbirin açılış mərasimi Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsində baş tutub. Burada Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklillər qoyulmuş, Mixaylonun xatirəsinə yaradılmış muzeylə tanış olunmuşdur.
Azərbaycanın və Sloveniyanın dövlət himnləri səsləndirildikdən sonra Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin müavini Rafael Hüseynov, Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer, Sloveniyanın prezidentinin xarici siyasət üzrə müşaviri Damyan Bergant, Sloveniya Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri Boyan Çebela, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Kompara, Nova Qoritsa şəhərinin merinin müavini Marko Tribuşon tədbirin açılış mərasimində çıxış etmişdir.
Tədbir iştirakçıları Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkib, onun həlak olduğu ərazidə yerləşən xatirə lövhəsi önündə əklil qoyub, qəhrəmanın xatirəsini yad edib.
Daha sonra iştirakçılar Trnovo Memorial Parkını ziyarət edərək, burada İkinci Dünya müharibəsi zamanı həlak olmuş azərbaycanlıların xatirəsinə ucaldılmış memorial lövhənin önünə əklillər qoyub. Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Sloveniya-Azərbaycan Dostluq Cəmiyyəti ilə əməkdaşlıqda Mehdi Hüseynzadə daxil olmaqla, İkinci Dünya Müharibəsi zamanı bu ərazilərdə vuruşmuş azərbaycanlıların və sloveniyalıların xatirəsinə ehtiram məqsədilə Trnovo Memorial Parkında ucaldılmış “Sülh Skamyası”nın (Peace Bench) açılış mərasimi baş tutmuşdur.
Tədbirin sonunda Çepovan qəsəbəsində Mehdi Hüseynzadənin məzarı ziyarət edilmiş, əklillər qoyulmuşdur.