Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Sloveniyaya səfəri baş tutmuşdur
Sloveniya Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri Boyan Çebelanın dəvəti əsasında 10-11 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin və sözügedən işçi qrupun üzvü Heydər Əsədovun Sloveniyaya səfəri baş tutmuşdur.
Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin Sloveniya Respublikasının Milli Assambleyasının prezidenti Urşka Klakoçar Zupançiç, Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Tanya Fayon, Sloveniya Milli Assambleyasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri B.Çebela və üzvləri, infrastruktur, ətraf mühit və məkan planlaşdırılması üzrə komitənin sədri Tomaj Lah, xarici siyasət üzrə komitənin sədr müavini Duşan Stoyanoviç ilə görüşləri keçirilmişdir.
Görüşlər zamanı cari ilin 20 fevral tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyinə toxunularaq, Azərbaycan və Sloveniya arasında hökm sürən dostluq əlaqələrinin hazırkı səviyyəsindən, tərəflər arasında mövcud parlamentlərarası münasibətlərdən, siyasi dialoqdan məmnunluq ifadə edilmiş, iki ölkə arasında parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq kəsb edən müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ətrafında müzakirələr aparılmışdır.