“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 aprel 2025

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib

17 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olundu, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr qeyd edildi.

Dövlətimizin başçısı Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi.

Görüşdə ölkəmizin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunuldu və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulandı.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd edildi. Bu dəhlizin Avropa ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm nəqliyyat arteriyalarından biri olduğu bildirildi və bunun Sloveniya şirkətləri üçün də əlverişli imkanlar yaratdığı vurğulandı. Bu xüsusda, Azərbaycanın və Sloveniyanın limanları arasında əməkdaşlıq məsələləri müzakirə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti