“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 oktyabr 2025

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Sloveniyaya səfər etmişdir

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Sloveniya Respublikasına səfər edib.

Səfər qardaşlaşmış Oğuz və Nova Qoritsa şəhərlərində müvafiq görüşlərin keçirilməsi və iki tərəfdaş şəhər arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədini daşıyıb.

Səfər çərçivəsində Cavid Əbdul-Qədirovun sloveniyalı həmkarı, Nova Qoritsa şəhərinin meri Samo Turel ilə görüşü keçirilib. Görüşdə Oğuz və Nova Qoritsa arasında mədəniyyət, turizm, təhsil, kənd təsərrüfatı daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ətraf mühitin və su ehtiyatlarının qorunması və səmərəli idarə edilməsi ətrafında, eləcə də mümkün birgə layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra Cavid Əbdul-Qədirovun və Samo Turelin iştirakı ilə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli tərəfindən Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Andrey Komparaya "Diaspor fəaliyyətində xidmətə görə" medalının təqdimetmə mərasimi baş tutub. A.Kompara Azərbaycan və Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin qərarı ilə həmin medalla təltif edilib.

Səfər çərçivəsində C.Əbdul-Qədirov Mehdi Hüseynzadənin “Mixaylo”nun abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsini ziyarət edib, Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklillər qoyub, Mixaylonun xatirəsinə yaradılmış muzeylə tanış olub. Eyni zamanda, Vitovlye kəndində Mixaylonun həlak olduğu ərazidə yerləşən xatirə lövhəsi önündə qəhrəmanın xatirəsi yad edilib.

Səfər çərçivəsində, həmçinin Lyublyana şəhərinin meri Zoran Yankoviçlə görüş keçirilib və iki dost ölkə arasında şəhərlərarası əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin Nova Qoritsa və Vipava vadisi üzrə Turizm Şurasının baş direktoru Erika Loyk və Lyublyana Turizm Mərkəzinin rəhbər nümayəndələri ilə görüşlər keçirib, turizm sahəsində mümkün əməkdaşlığı və təcrübə mübadiləsini müzakirə edib.

Səfər çərçivəsində Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarının xatirəsinə ucaldılmış Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş xatirə lövhəsi ziyarət edilib və faciə qurbanlarının xatirəsi anılıb.

 

 

 

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti