COP29 Enerji Təşəbbüsləri üzrə Brifinq
2025-ci ilin 7 aprel tarixində COP29-un Prezidenti və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) əməkdaşlığı ilə Vyana Beynəlxalq Mərkəzində “COP29 Enerji Təşəbbüsləri və Öhdəlikləri: İrəliləyiş və Növbəti Addımlar” mövzusunda hibrid formatda məlumatlandırma tədbiri keçirildi. Tədbirin məqsədi COP29-un yaratdığı dinamikanı davam etdirmək, beynəlxalq iqlim və enerji sahəsində əməkdaşlığın davamlılığını təmin etmək və COP30-a doğru dəstək və fəaliyyətin səfərbər edilməsini təşviq etmək idi.
Sessiyada Vyanada akkreditə olunmuş diplomatik nümayəndəliklərin, hökumət rəsmilərinin, beynəlxalq təşkilatların, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin – həm yerində, həm də onlayn formatda iştirakı təmin olundu.
Görüşün əsas məqsədi qlobal enerji təşəbbüslərində daha geniş iştirakın təmin edilməsi, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi üçün konkret addımların müəyyənləşdirilməsi oldu.
Tədbir UNIDO-nun İqlim və Texnologiya Tərəfdaşlığı üzrə Baş Texniki Müşaviri cənab Heng Liu-nun moderatorluğu ilə açıldı. Açılış zamanı UNIDO Baş direktorunun müavini xanım Fatou Haidara və Azərbaycanın UNIDO yanında Daimi Nümayəndəsi səfir Rövşən Sadıqbəyli tərəfindən çıxışlar edildi.
Daha sonra UNIDO-nun Enerji və İqlim Fəaliyyəti Şöbəsinin müdiri xanım Rana Qoneim təqdimat etdi. COP29 Fəaliyyət Gündəliyi Komandasının həmsədrləri Elmar Məmmədov və Jalə İbrahimova, üzv Lalə Mehdiyeva və Energetika Nazirliyindən Əşrəf Şıxəliyev COP29-un enerji təşəbbüsləri üzrə birgə təqdimatla çıxış etdi.
Brifinqə əsasən, Yaşıl Enerji Zonaları və Dəhlizləri üzrə Öhdəlik 57 ölkə və 9 Tərəf olmayan maraqlı tərəf tərəfindən təsdiqlənmişdir. Hidrogen Bəyannaməsi 63 ölkə və 15 Tərəf olmayan maraqlı tərəf tərəfindən qəbul edilmiş, Enerji Saxlanması və Şəbəkələrə dair Öhdəlik isə 65 ölkə və 42 Tərəf olmayan maraqlı tərəf tərəfindən dəstəklənmişdir.
Bütün öhdəliklər təsdiq edilməsi üçün açıq qalır və tərəflər, eləcə də tərəfdaş olmayan maraqlı tərəflər, qeyd olunan hər bir təşəbbüsə dəstək göstərmək istəyirlərsə, storageandgrids@cop29.az, zonesandcorridors@cop29.az və hydrogen@cop29.az ünvanlarına Nota Verbale və ya rəsmi məktub göndərə bilərlər.