Azərbaycanın turizm imkanları Vyanada keçirilən “Ferien-Messe Wien” 2025 sərgisində
Azərbaycan Turizm Bürosu Avstriyanın paytaxtı Vyanada keçirilən “Ferien-Messe Wien” sərgisində iştirak etmişdir.
Sərgidə, həmçinin “Azərbaycan Hava Yolları” QSC və yerli turizm sənayesi nümayəndələri ölkəmizin turizm imkanlarını nümayiş etdirmişlər.
Ziyarətçilərə Azərbaycanın turizm məhsulları üzrə təklifləri, o cümlədən İçərişəhər, Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı və Şəki Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məkanlar haqqında ətraflı məlumat verilmişdir. Milli stenddə virtual reallıq (VR) texnologiyası vasitəsilə Qobustan Qayaları və Xınalıq kəndi kimi məşhur turizm məkanlarını kəşf etmək imkanı təqdim edilmişdir.
Azərbaycan stendini ölkəmizin Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək sərginin gedişatı və nümayiş olunan turizm məhsulları ilə tanış olmuşdur.
Qeyd edək ki, Vyanadan Bakı istiqamətinə birbaşa uçuşların olması Avstriya vətəndaşları üçün Azərbaycana rahat və əlverişli səyahət imkanı yaradır. Ötən ilin yanvar-dekabr dövründə Avstriyadan Azərbaycana səfərlərin sayında 2023-cü il ilə müqayisədə 10%-lik artım müşahidə olunmuşdur.