“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2025

Azərbaycanın Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi Avstriyanın Forarlberq əyalətində qeyd olunub

Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriyanın Forarlberq federal əyalətində Azərbaycanın Müstəqillik Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə klassik musiqi axşamı və qəbul keçirilib. Tarixi XVI əsrə aid Hohenems qəsrində ilk dəfə Azərbaycana həsr olunmuş və milli klassik musiqimizin səsləndiyi tədbir yerli rəsmilər və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.Tədbirdə yerli hökumət və parlament rəsmiləri, iqtisadi dairələrin rəhbər şəxsləri, siyasətçilər, konsullar, yerli ictimaiyyətin təmsilçiləri və soydaşlarımız iştirak ediblər.

Hohenems qəsrinin sahibəsi qrafinya Ştefani Valdburq-Tsayl belə bir möhtəşəm tədbirə ev sahibliyi etməkdən qürur duyduğunu, gələcəkdə də bu regionda Avstriya və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək işlərin görüləcəyinə ümidvar olduğunu ifadə edib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli əsası 107 il əvvəl qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət dövrü, qısa zamanda dövlət quruculuğunun müxtəlif sahələri üzrə əldə edilən tarixi nailiyyətlər barədə danışıb. Qeyd edilib ki, ömrü cəmi 23 ay davam etsə də, cümhuriyyətin siyasəti və islahatları dövrünə görə inqilabi idi. Müstəqillik Bəyannaməsindən ilhamlanaraq, həmin dövrdə 230-dan çox əsas qanun qəbul olunub və insan hüquqları və hüquq dövləti prinsiplərinə əsaslanan demokratik, dünyəvi dövlətin təməli qoyulub. Ən önəmlisi, Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi oldu – bu, qlobal miqyasda əlamətdar hadisə idi.

Həmçinin qeyd edilib ki, mədəni sahədə də tarixi nailiyyətlər əldə olunub, Azərbaycan dili rəsmi dil elan edilib, milli bayraq və himn qəbul olunub, milli valyuta buraxılıb. Müasir teatr və opera sənətinin yaradılması güclü mədəni oyanışın təzahürü idi. Azərbaycan Xalq Cümhuriyyətinin təşviq etdiyi ideallar və ənənələr bu il 30 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb.

Çıxışda həmçinin diqqətə çatdırılıb ki, bədii hissədə təqdim olunan konsert klassik musiqinin inkişafında mühüm rol oynamış iki görkəmli bəstəkara həsr olunub – bu il Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin 140 illik və Avstriyanın sevimli bəstəkarı Yohann Ştrausun 200 illik yubileyi keçirilir. Müxtəlif coğrafiyalarda yaşayıb-yaradan bu bəstəkarları klassik musiqinin inkişafına verdikləri əvəzsiz töhfələr birləşdirir.Məhz bu anlamda da Azərbaycanın dövlət bayramının Avstriyanın tarixi-mədəni inciləri sırasında yer alan Hohenems qəsrində keçirilməsi, musiqi proqramında iki dahi musiqiçinin əsərlərinə geniş yer ayrılması zəngin tarixə və mədəniyyətə malik iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin və mədəni mübadilənin inkişafının daha bir təzahürüdür.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında təmsil etdiyi qurumun ölkələrimiz arasında əlaqələrin inkişafına diqqət göstərdiyini, xüsusilə soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və onun tam hüquqlu üzvləri olması və tarixi Vətənləri ilə bağlarının qorunub saxlanmasını dəstəklədiyini ifadə edib. Bildirilib ki, bu xüsusda xalqlar arasında anlaşmanı və mədəni mübadiləni ehtiva edən bu kimi tədbirlər yüksək qiymətləndirilməlidir.

Bədii hissədə tanınmış dirijor, professor, Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Arpeccione” Kamera Orkestrinin ifasında Azərbaycan və Avropa klassik musiqi incilərindən ibarət proqram təqdim olunub. Konsertdə bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri Azərbaycan klassik musiqi sənətinin möhtəşəmliyini bir daha nümayiş etdirib. Avstriyanın Forarlberq federal əyalətində ilk dəfə səsləndirilən Azərbaycan əsərləri tamaşaçılar tərəfindən böyük maraq qarşılanıb.

Konsertdən sonra tədbir iştirakçılarına ziyafət verilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti