28 May – Müstəqillik günü münasibətilə rəsmi qəbul keçirilmişdir
Avstriya Respublikasının paytaxtı Vyana şəhərində 28 May – Müstəqillik günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.
Səfir Rövşən Sadıqbəyli 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdən və onun Azərbaycan xalqının tarixində buraxdığı izdən bəhs edərək iştirakçılara ətraflı məlumat vermişdir. Qısa ömür sürməsinə baxmayaraq cümhuriyyətin təkcə Azərbaycanın deyil, regionun tarixində dərin iz qoyduğunu bildirmiş, 23 aylıq müddət ərzində görülən işlərin, həyata keçirilən islahatların, dövlət quruculuğu və hüquqi bazanın inkişafının həmin dövr üçün inqilabi xarakter daşıdığını qeyd etmişdir.
Səfir R. Sadıqbəyli Ümummilli Lider Heydər Əliyevin sözlərindən iqtibas gətirərək, xalqımızın tarixi nailiyyəti olan dövlət müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi və daha da gücləndirilməsinin o vaxtdan bəri azərbaycanlılar üçün əsas məqsəd olduğunu vurğulamışdır. Dövlət müstəqilliyimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan daxili və xarici siyasətin mərkəzində dayandığını bildirmişdir. Azərbaycanın müstəqil siyasətinə görə beynəlxalq aləmdə böyük hörmət qazandığını qeyd etmişdir.
Ardınca, Avstriya Respublikasının Avropa və Beynəlxalq İşlər Nazirliyinin siyasi direktoru Hanna Liko çıxış edərək, ölkələrimiz arasında münasibətlərin tarixinə nəzər salmış, ölkəsinin Cənubi Qafqaz regionunda ilk səfirliyinin məhz Azərbaycanda təsis edildiyini vurğulamışdır. O, Azərbaycanla Avstriya arasında mövcud olan sıx iqtisadi münasibətlərə də toxunmuş, SOCAR-in Avstriyada və Avstriyanın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin iqtisadi münasibətlərə verdiyi töhfələrdən bəhs etmişdir. Səfir Liko iki tərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirmiş, bu xüsusda cari ilin iyul ayında xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçiriləcəyini bildirmişdir. O, çıxışında Azərbaycan və Ermənistan arasında sülh proseslərini alqışlamış və Avropa İttifaqının da bunu dəstəklədiyini qeyd etmişdir. Səfir Liko çıxışın sonunda bağlantılar və enerji diversifikasiyası baxımından Avropa İttifaqı üçün Azərbaycanın çox vacib rol oynadığını bildirmişdir.
Tədbir bədii hissə ilə davam etmişdir.