2020-03-16
Azərbaycan Respublikasının Səfirliyinin COVID-19 ilə əlaqədar Səyahət və Konsulluq fəaliyyəti ilə bağlı yenilənmiş məlumatı

Hal-hazırda Azərbaycan Respublikasının Səfirliyinin Konsulluq bölməsinin fəaliyyəti məhdudlaşdırılmışdır və bütün görüşlər öncədən Konsulluq üzrə məsul şəxslə razılaşdırılmalıdır. Öncədən təyin edilmiş görüş olmadığı təqdirdə, heç bir konsulluq xidməti həyata keçirilmir və heç bir ziyarətçi qəbul edilmir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mart 2020-ci l tarixli qərarına əsasən “ASAN Viza” elektron portalı vasitəsilə və H.Əliyev Beynəlxalq Hava Limanında vizaların rəsmiləşdirilməsi 45 gün müddətinə dayandırılır.

COVİD-19 virusunun xüsusilə geniş yayıldığı ölkələrin (Ümumdünya Səhiyyə Təşkilatının -ÜST yenilənən siyahısına əsasən) vətəndaşlarının  və son 14 gün ərzində həmin ölkələrdə olmuş digər ölkələrin vətəndaşlarının viza müraciətlərinin qəbul edilməsi zamanı və viza rəsmiləşdirilmiş pasportların  təhvil verilməsi zamanı COVİD-19 testindən keçmələri barədə tibbi arayış tələb olunacaqdır.

Koronavirus infeksiyasının inkubasiya müddətinin 14 gün olduğunu nəzərə alaraq və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 37.6-cı bəndinə uyğun olaraq, viza müraciətlərinə 15 gün ərzində baxılacaqdır.

Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla, 14 gün müddətinə karantin rejiminə yerləşdirilə bilər və ya ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər. Həmçinin, əcnəbi ölkə vətəndaşları COVİD-19 testindən keçirilə bilər.

Xüsusi zərurət olmadığı təqdirdə, Azərbaycan Respublikası vətəndaşlarına xüsusilə ÜST tərəfindən koronavirus epidemiyası riskinin yüksək olduğu ölkələr, o cümlədən koronavuris infeksiyasının artdığı xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.

Avstriya, Sloveniya və Slovakiyada yaşayan Azərbaycan Respublikası vətəndaşlarından Səfirliyin konsulluq bölməsində qeydiyyatına düşmələri xahiş olunur. Bu qeydiyyat təcili məsələlər də daxil olmaqla daha səmərəli konsulluq xidmətlərinin göstərilməsi və vacib informasiyaların əldə edilməsini təmin edir.

Konsulluq qeydiyyatından keçmək üçün, konsulluq qeydiyyat vərəqəsinin (vərəqə qeyd olunan linkdə əldə edilə bilər: <http://vienna.mfa.gov.az/content/66>)  doldurulub rk_gurbanov@mfa.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Azərbaycan Respublikası Türkiyə, Gürcüstan və bir sıra digər ölkələrlə (ölkələrin tam siyahısı barədə məlumatı göstərilən linkdən əldə etmək mümkündür: <https://cabmin.gov.az/az/article/728/>) hava, eyni zamanda Gürcüstan və Türkiyə ilə quru sərnişin nəqliyyatı dayandırılmışdır.

Yenilənmiş məlumatlar aşağıdakı linkdən əldə edilə bilər: <https://cabmin.gov.az>

Anlayışınız üçün Sizə təşəkkür edirik, Azərbaycan Respublikasının vətəndaşlarının təhlükəsizliyi bizim üçün əsas prioritet olaraq qalır. COVID-19 virusunun yayılmasına qarşı bütün beynəlxalq birliyin birgə səylərinə verdiyiniz töhfənizi yüksək qiymətləndiririk.

Təcili hallarda Səfirliyin qaynar xətti ilə əlaqə saxlamağınızı xahiş edirik: +43 676 844 509 888

növbəti xəbər əvvəlki xəbər