2018-05-29
Vyanada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib

Tədbirdə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasının beşinci ildönümü qeyd edilib

Mayın 14-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Mərkəzin yaradılmasının 5 illiyinə həsr edilən tədbir keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova tədbirdə çıxış edərək 2018-ci ilin Azərbaycanda yubiley və mühüm ildönümləri ilə zəngin olduğunu bildirib. Bu il müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd edildiyini diqqətə çatdıran L.Qasımova dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib.

L.Qasımova, həmçinin 2013-cü ildə təsis edilmiş Azərbaycan Mədəniyyət Mərkəzinin yarandığı gündən indiyədək keçdiyi fəaliyyət yoluna nəzər salıb, Azərbaycan mədəniyyətinin Avstriyada təqdimatı istiqamətində və hər iki ölkə arasında mədəni əlaqələrin inkişafında oynadığı roldan bəhs edib. Bildirilib ki, Mədəniyyət Mərkəzi təkcə Azərbaycanın incəsənətini və mədəniyyətini Avstriyada təbliğ etməklə kifayətlənmir, eyni zamanda, iki ölkənin incəsənət təmsilçiləri arasında əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsi istiqamətində iş aparır. Beş illik fəaliyyəti dövründə mərkəz Azərbaycan incəsənətinə maraq göstərən insanların toplaşdığı əziz məkana çevrilib. Müxtəlif mədəniyyətləri təmsil edən insanların bir araya gəldiyi bu multikultural məkan Azərbaycan mədəniyyətinin Mərkəzi Avropada tanıdılması missiyasını bundan sonra da inamla davam etdirəcək.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında ümummilli lider Heydər Əliyevin həyatından və çoxşaxəli siyasi fəaliyyətindən danışıb, Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz xidmətləri barədə məlumat verib. Səfir Azərbaycanın müstəqilliyinin ilk illərində çətin böhrandan çıxmasında, dövlətin gücləndirilməsi və möhkəmlənməsində, dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan bəhs edib. Bildirilib ki, Heydər Əliyev Azərbaycanda milli birlik yaradıb, ölkədə sosial-iqtisadi rifahın yüksəlməsi üçün ciddi islahatların həyata keçirilməsinə nail olub və Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi üçün mühüm addımlar atıb.

Səfir qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyət və incəsənətinin, milli dəyərlərimizin Avstriyada təbliğində əvəzsiz rol oynayır. Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında mədəni körpülərin möhkəmlənməsinə töhfələr verən bu qurum yaradıcı insanları bir-birinə daha da yaxınlaşdırır.

Tədbirin bədii hissəsində Əməkdar Artist, ud ifaçısı və tarzən Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə “Mahur” və “Çahargah” muğamları üzərində caz kompozisiyaları, bəstəkarlar Ramiz Mustafayev, Vaqif Mustafazadə, Tofiq Quliyev, Vasif Hüseynzadə, San Pri və digərlərinin əsərləri caz improviziyaları ilə təqdim olunub. Muğam və xalq mahnılarından tutmuş müxtəlif bəstəkarların əsərlərinin caz interpretasiyaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Mədəniyyət Mərkəzinin salonunda, həmçinin beş il ərzində keçirilən tədbirlər zamanı çəkilmiş fotolardan ibarət fotosərgi təşkil olunub.

Tədbir ziyafətlə davam edib.

Elgün Niftəli, AZƏRTAC-ın xüsusi müxbiri

 

növbəti xəbər əvvəlki xəbər