Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı

Azərbaycan Respublikasının konsulluğu aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:

 

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər 

 

Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:

  1. Nikaha daxil olan şəxslərin yazılı razılığı ƏRİZƏ;
  2. Nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri);
  3. Xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənədlər (əsli və surəti);
  4. Subaylıq haqqında arayışlar;
  5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
  6. Dövlət rüsumunun ödənilməsi barədə qəbz (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və və bu barədə şəhadətnamənin verilməsinə görə 40 EUR məbləğində dövlət rüsumu müəyyən olunmuşdur);
  7. Əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

İştirak etməli olan şəxslərin siyahısı:

  1. Nikaha daxil olmağı arzu edən şəxslər;
  2. Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.

 

 

Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:

  1. Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  2. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;
  3. Məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;
  4. Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.